QARACİYƏR BİOPSİYASI

Qaraciyər biopsiyası xüsusi iynə vasitəsilə qaraciyərdən bir tikə toxuma götürməklə həyata keçirilir. Bir çox hallarda qeyri-invaziv qaraciyər müayinələri (Ultrasəs müayinəsi, Kompüter Tomoqrafiyası, Laborator Qaraciyər Sınaqları və s.) qaraciyərdə olan patologiya haqqında həkimə ətraflı məlumat vermir. Biopsiya zamanı götürülmüş qaraciyər toxuması xüsusi patohistoloji müayinə üsulu ilə tədqiq edilir. Bu müayinə  qaraciyərin zədələnmə səviyyəsinin dəqiq müəyyən edilməsinə və ən düzgün müalicə taktikasının seçilməsinə imkan verir.


Qaraciyər biopsiyasına göstərişlər:

Qaraciyər biopsiyası bir sıra hallarda aparılır. Biopsiya vasitəsilə xəstəlik barədə mühüm əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi ilə xəstəliyin kliniki və histo-patoloji mərhələlərini müəyyən etmək, proqnoz vermək və tələb olunduqda xəstənin müayinə və müalicəsini modifikasiya etmək mümkündür. Aşağıda qaraciyər biopsiyasına göstərişlər sadalanıb:
 
  • qaraciyərin çoxsaylı parenximatoz xəstəliklərinin diaqnostikası
  • transaminazaların qanda bilinməyən səbəbdən qalxması
  • naməlum mənşəli hərarət
  • görüntüləmədə fokal və ya diffuz qaraciyər dəyişiklikləri
  • məlum olan qaraciyər parenximatoz xəstəliyində kliniki və histo-patoloji mərhələnin təyin edilməsi və proqnozlaşdırma
  • histoloji müayinədən asılı olaraq müvafiq müalicə planın tətbiq olunması.
 
Qaraciyər biopsiyasında təsadüfən sirroz əlamətləri müəyyən edilən xəstələrdə əlavə diaqnostik müayinələrin, o cümlədən, yuxarı endoskopiyanın (ezofaqal varikoz venaların istisna ediməsi üçün) və hepatosellulyar karsinomaya aid müvafiq laborator testlərin (alfa-fetoprotein, qaraciyərin USM, KT görüntüləməsi) aparılması tələb olunur.
Qaraciyər biopsiyasına mütləq və nisbi əksgöstərişlər.
Mütləq əksgöstərişlər:
 
  • xəstənin kliniki və psixi vəziyyəti imkan vermirsə və xəstə təlimatlara riayət etmirsə, bu halda prosedurun aparılması qadağandır.
  • yüksək koaqulopatiya və ya trombositopeniya (qaraciyər biopsiyasından əvvəl korreksiya olunursa, bu halda biopsiya aparıla bilər).
  • Son 7-10 gün ərzində QSİƏP-dan (qeyri-steroid iltihab əleyhinə preparatlar) və həmçinin aspirindən istifadə.
  • Xəstə tərəfindən qan transfuziyasının rədd edilməsi və ya buna razılıq verməməsi
  • Hemangioma, vaskulyar törəmə və ya exinokokk sistinə şübhə olduqda
  • Perkussiya və/və ya US müayinəsi və ya KT görüntüləməsi ilə biopsiya üçün münasib yerin seçilə bilməməsi
  • Öd yollarının genişlənməsi
Nisbi əksgöstərişlər.
 
  • Hemofiliya
  • Həddən artıq bədən çəkisi
  • Assit
  • Sağ hemidiafraqm altında infeksiya
  • Sağ plevral boşluğun infeksiyası
  • Amiloidoz (yüksək qanaxma riski ilə əlaqədardır).
 
Aşağıdakı hallarda qaraciyər biopsiyasının aparılması xüsusi əhəmiyyət kəsb edir:
  • Diaqnoza şübhə olduqda (məs., xəstəliyin atipik xüsusiyyətləri mövcud olanda)
  • Yanaşı xəstəliklər olduqda (məs, HİV və HCV infeksiyaları və ya hepatit C ilə alkoqol səbəbindən qaraciyərin xəstəliyi)
  • Üst-üstə düşən simptomlar (məs, birincili biliar sirroz və autoimmun hepatit)
  • Qaraciyərin piylənməsi. Qaraciyərin iynə biopsiyası bu halda xoşxassəli steatoz və proqressiv steatohepatitin fərqləndirilməsinə yardım edə bilər.
  • İrsi xəstəliklər (məs, hemoxromatoz, alfa-1 antitripsin çatışmazlığı, Vilson xəstəliyi)
Bəzi xəstəliklərin müalicəsi prosesində təkrar iynə biopsiyalarının aparılması tələb oluna bilər. Məsələn:
  • Autoimmun hepatitə görə müalicə alan xəstələrdə immunsupressiv terapiyanın dayandırılması və ya dozasının aşağı salınması nəzərdən keçirildikdə qaraciyərin biopsiyasının aparılması tövsiyə edilir.
  • Qaraciyərin transplantasiyasından sonra köçürülmüş orqanın bədəndən ayrılmasını müayinə etmək və ya köçürülmüş orqanda xəstəliyin təkrar qayıtmasını müəyyən etmək üçün təkrar biopsiya tələb oluna bilər.
Hazırlıq
Hər şeydən öncə həkim qan laxtalanma sisteminin normal olub-olmamasını yoxlayacaqdır. Müayinə gününə qədər xəstə tərəfindən istifadə edilən bütün dərmanlar haqqında həkimə məlumat verilməlidir.  Çünki elə dərmanlar var ki, onlar qanın laxtalanma qabiliyyətini azaldır və bunu bilmədən biopsiya apardıqda kəskin və dayandırılması çətin olan qanaxma baş verə bilər. Qaraciyər biopsiyasının çatışmayan cəhətlərindən biri prosedurdan sonra qaraciyərdə mümkün olan qanaxmadır. Odur ki, həkim adətən biopsiyadan bir həftə öncə qanın laxtalanma qabiliyyətini azalda bilən bütün dərman maddələrinin (məsələn, aspirin, ibuprofen və s.) kəsilməsini tələb etməlidir.
Proseduradan 8 saat öncə yemək və içmək olmaz və xəstəxanaya prosedurdan bir neçə saat öncə gəlməniz arzuolunandır. Həkiminiz sizə digər xüsusi instruksiyalar verə bilər.
Qaraciyər biopsiyasından öncə:
 
  • Xəstənin fiziki müayinəsi aparılmalı və anamnez toplanmalıdır
  • Laborator analizlər təyin olunmalıdır: QÜA, trombositlər, PT/İNR, PTT.
  • Qaraciyərin US və/və ya KT görüntüləməsi əldə edilməli və biopsiya üçün ən münasib sahə seçilməlidir.
  • Qanın laxtalanmasına təsir edən preparatların qəbulu tənzimlənməlidir:
    • Aspirin, Klopidrogel: 7-10 gün əvvəl dayandırılmalıdır
    • Varfarin (kumadin): 5-7 gün əvvəl dayandırılmalıdır
    • Heparin infuziyası: prosedursan 6-12 saat əvvəl dayandırılmalıdır.
 
 
Prosedurun həyata keçirilməsi
Qaraciyər biopsiyası kiçik cərrahi əməliyyat hesab edilir və xəstəxana şəraitində həyata keçirilməsi tövsiyyə olunur. Prosedur zamanı xəstəyə ağrıkəsici vurulur (lokal anesteziya). Xəstənin istəyindən aslı olaraq yuxugətirici dərman da vurula bilər. Amma bu məsləhət görülmür, çünki nəfəsalma və nəfəsvermə hərəkətləri ilə xəstə qaraciyərdə spesifik nayihəni tapmaqda həkimə kömək edə bilər. Prosedur zamanı xəstə arxası üstə uzanıb sağ əlini boyun arxasına qoymalıdır və həkim biopsiya nahiyəsini antiseptiklərlə təmizləyərək steril dəsmallarla əhatə edir. Yerli keyləşdirmə üçün bir-iki inyeksiya edilir, bəzən kiçik kəsik aparıla bilər və bu nöqtədən xüsusi biopsiya iynəsi ilə qarın divarından keçərək qaraciyərdən toxuma götürülür. Bəzi hallarda qaraciyərin spesifik nöqtəsindən biopsiya götürmək üçün həkim ultrasəs aparatının nəzarətindən istifadə edə bilər.
 
Şəkil. Qaraciyərin biopsiyası zamanı xəstənin həyat göstəriciləri davamlı şəkildə monitorinq ounmalıdır.
Prosedur zamanı xəstənin hərəkət və ya tənəffüs etməsi nəticəsində ağ ciyər və ya öd kisəsinin zədələnməsi mümkündür. Biopsiya anında həkim xəstədən nəfəsini  saxlamağı xahiş etməlidir. Bu zaman həkim iynəni qaraciyərə daxil edir. İynə xaric olduqdan sonra xəstə normal nəfəs ala bilər. Ola bilsin bu prosedur bir neçə dəfə təkrar olunsun. Qaraciyərdən biopsiyanın götürülməsi proseduru bütövlükdə 20-30 dəqiqə çəkir.
 
 
Şəkil. Xəstənin uzandırılması və biopsiya sahəsinin         Şəkil. Qaraciyər biopsiyası üçün tələb olunan instrumentlər.
sterilizasiyası və steril dəsmallarla ötürülməsi.
 
 
Şəkil. Biopsiya iynəsinin yeridiləcəyi yerdə dərinin         Şəkil. Lokal anestetiklə dərin yumşaq toxumaların və əzələlərin,
lokal anesteziyası.                                                       habelə qaraciyər perikapsulyar sahənin infiltrasiyası
 

Şəkil. Biopsiya iynəsi qaraciyərin kapsulasına yaxınlaşdıqda xəstədən nəfəsvermək və nəfəsi ekspirasiyada saxlamaq xahiş edilməlidir. Bu an biopsiya iynəsi qaraciyər daxilinə keçir və xüsusi kəsici iynə açılaraq qaraciyərdən biopsiya toxuması əldə olunur. Bu zaman iynənin hərəkəti US müayinəsi altında müşahidə edilir.
 
Qaraciyər biopsiyasının, az-az da olsa istifadə edilən, laparoskopik və transvenoz üsulları da vardır.
Birinci üsul zamanı, ümumi narkoz altında laparoskopik yolla qarın boşluğuna daxil olunur və həkim vizual nəzarət ilə qaraciyərdən bioptat götürür. Adi biopsiya ilə müqayisədə bir qədər mürəkkəb üsul olsa da, spesifik hallarda daha informativ və az təhlükəlidir. Bu üsul  qaraciyərin aydın görünüşünün alınmasına və proseduranın vizual nəzarət altında həyata keçirilməsinə imkan verir.  Yanaşı olaraq laparoskopiya zamanı digər müayinə və müalicəvi tədbirlər də həyata keçirilə bilər.
Transvenoz biopsiya zamanı boyun venasından kateter adlanan nazik boru keçirilərək qaraciyərə daxil edilir və bioptat götrülür. Xəstənin laxtalanma sistemində pozğunluğun olması və ya qarında mayenin olması adi üsulla biopsiyanı çətinləşdirdiyi üçün bu növ biopsiyadan istifadə edilir.
Prosedurdan sonra
Biopsiyadan sonra iynə daxil edilən yerə sarğı qoyulur və xəstəyə sağ böyrü üzərində uzanmaq tövsiyyə edilir. Bəzən xəstənin sağ böyrünə bərk yastıq və ya bükülmüş dəsmal qoyula bilər ki, qaraciyər 1-2 saat ərzində sıxılmış vəziyyətdə qalsın. Əksər hallarda xəstə həmin gün evə yazılır. Bəzi hallarda isə xəstənin bir gün xəstəxanada nəzarət altında qalması tələb oluna bilər. Qaraciyər biopsiyası almış xəstələrə ciddi şəkildə tövsiyə olunmalıdır ki, prosedursan sonra ən azı bir həftə ərzində ağır işlə məşğul olmasınlar.
Prosedurdan sonra bir müddət iynə yerində və sağ qolda müəyyən ağrı və narahatlıq ola bilər. Ağrıya səbəb diafraqma əzələsinin qıcıqlanmasıdır və adətən sağ qola yayılır. Amma bir həftə ərzındə bu narahatlıqlar ötüşmüş olur. Xəstənin evə yazılmasında müvafiq ağrıkəsicilərin təyin edilməsi vacibdir. Lakin QSİƏP, Aspirin və digər bu qrupa aid preparatlardan istifadə etmək tövsiyə olunmur. Belə dərmanlar sağalma üçün vacib olan laxtalanmanı azaldır və qanaxmaya da səbəb ola bilər.
Hər  bir cərrahi əməliyyat və prosedurlarda olduğu kimi, qaraciyər biopsiyasının da öd kisəsinin zədələnməsi, infeksiyalaşma, ağrı kimi ağırlaşmaları olur. Amma onların rastgəlmə tezliyi çox aşağıdır.
 
Tərtibatçı müəlliflər: Dr. Vuqar Yaqublu, Dr. Nabil Seyidov
 



<< >>

  • Sun
  • Mon
  • Tue
  • Wed
  • Thu
  • Fri
  • Sat
  •  
  •  
  •  
  •  
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  •  

Create Account



???? ? ??????? ??????